Bu gün vətəndaş məmnunluğunun təmini ilk növbədə onların qəbul edilməsindən və dinlənilməsindən başlayır. Sözsüz ki, vətəndaşı sonadək dinlədikdə onun qaldırdığı problemində mahiyyəti başa düşülür.
Bəs Mingəçevir bələdiyyəsində vətəndaşların qəbulu necə təşkil edilib. Sualımızı Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev cavablandırır. Sədrlə vətəndaş qəbullarından, bələdiyyənin maliyyə durumundan, icra strukturları ilə əlaqələr haqqında, habelə bələdiyyəni narahat edən məsələlərdən danışdıq:
- Öncə qeyd edim ki, hər həftənin I günü bələdiyyə sədrinin rəsmi qəbul günüdür. Komissiya sədrlərinin həftənin müxtəlif günlərində qəbul saatları vardır. Lakin bu, formal tərəfidir. Biz hər gün vətəndaşları qəbul edirik, heç bir məhdudiyyət yoxdur. Bələdiyyədə bununla yanaşı vətəndaş qəbullarının qeydiyyatı aparılır. Qəbula gələnlərin soyadı, adı, ünvanı, əlaqə telefonu, günü, saatı, qaldırılan məsələlər xüsusi kitabda qeydiyyata alınır.
Birbaşa qəbuldan başqa, vətəndaşlar bələdiyyəyə bələdiyyənin internet saytı vasitəsi ilə də müraciət edə bilər. Saytda bunun üçün xüsusi bölmə vardır. Həmçinin bələdiyyənin inzibati binasında poçt qutusu yerləşdirilib. Sakinlər qutuya məktub ataraq, sual və təkliflərini yazılı şəkildə bildirirlər.
- 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib. Sakinlərin qaldırdığı məsələlər öz həllini necə tapıb?
- Ötən il bələdiyyə sədri tərəfindən 1921 nəfər qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiya və şöbələr tərəfindən araşdırılaraq həllini tapıb. 2016-cı ildə bələdiyyəyə vətəndaşlardan 1190 ərizə və məktub daxil olub. 210 nəfər maddi yardımla, 108 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 152 nəfərfərdi mənzil tikinitisi üçün torpaq sahəsi ayrılması ilə, 11 nəfər tikinti və təmir işləri ilə bağlı müraicət edib. 709 nəfər müraciət arayış və məlumatlarla əlaqədar olub.
Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. 50 nəfərə pul və material yardımı, digərlərinə isə ərzaq yardımı verilib. 106 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Bunlardan imtiyazlı kateqoriyaya malik 11 nəfər şəhid ailəsinə, 10 nəfər Qarabağ müharibəsi əlilinə, 4 nəfər ehtiyatda olan zabitə torpaq sahələri ödənişsiz verilib.
-Maraqlıdır, müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi?
- Müraciətlər şöbə və komissiyalara göndərilir. Hər bir ərizə yerində araşdırılır, daimi komissiyaların iclaslarında müzakirə edilərək, arayışlar hazırlanır. Həmin arayışlar bələdiyyə iclasında oxunur, müzakirə edilir və müvafiq qərarlar qəbul olunduqdan sonra icraya yönəldilir.
- Bəs bu gün sədrlik etdiyiniz bələdiyyənin maliyyə durumu barədə nə demək olar?
- Maliyyə durumumuz normaldır. Heç bir təşkilata borcumuz yoxdur. Çətinliklərlə üzləşsək də, ötən ili uğurla başa vurduq.
- Yanvar ayının əmək haqqısını vermisinizmi?
- Fevralın ilk həftəsində yanvar ayının əmək haqqları ödənilib. Eyni zamanda DSMF-na, vergi orqanına ödənişlər də köçürülüb.
- Bələdiyyənin neçə üzvü və neçə bələdiyyə qulluqçusu var?
- Mingəçevir bələdiyyəsinə 19 bələdiyyə üzvü seçilib. Bələdiyyədə 32 nəfər bələdiyyə qulluqçusu çalışır.
- Bələdiyyənin əlavə maliyyə xərclərinin azaldılması üçün hansı addım atırsınız?
- Xərclərimizi təhlil edərək, bir sıra əlavə xərclərdən imtina etmişik. Misal üçün, bələdiyyəyə məxsus iki xidməti maşından birini satışa çıxardıq. Nəticədə müəyyən qədər nəqliyyat xərclərinə qənaət etdik, bir sürücü ştatı ixtisar olundu.
- Bələdiyyələrin maliyyə durumunun yüksəldilməsi üçün hansı təkliflə çıxış edərdiniz?
- ilk növbədə, vergi sistemini gücləndirmək gərəkdir. Təəssüf ki, bələdiyyələrin vergi ödəməkdən imtina edən sahibkarlara qarşı təsir mexanizmi yoxdur.
ikinci və deyərdim ən əsas məsələ əmlakla bağlıdır. Belə ki, bildiyiniz kimi əmlak vergisinin toplanması üçün mülk haqqında məlumatlar olmalıdır. Həmin məlumatlar Daşınmaz əmlakın Dövlət Reyestri xidmətində vardır. Amma onları almaqda çətinlik çəkirik. Yəni məlumatı almaq üçün 11 manat həcmində hər bir məlumat görə vəsait ödənilməlidir.
Təsəvvür edin ki, ərazimizdə olan əmlakla bağlı məlumatların alınması üçün kifayət qədər maliyyə vəsaiti ödəmək lazımdır. istərdik qanunvericilik baxımından bu məsələ öz həllini tapsın. Yəni bələdiyyələr üçün bu rusumların ödənişi ləğv edilsin.
Son olaraq öyrənmək istərdik ki, Mingəçevir şəhər icra Hakimiyyəti ilə əməkdaşlıq əlaqələri hansı səviyyədə qurulub?
- Bu gün Mingəçevir bələdiyyəsi şəhər icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qura bilib. şəhər ərasizində həyata keçirilən layihələri birgə müzakirə edir və bir-birimizə dəstək verərək həyata keçiririk.
Belediyye.info
|
|
|